
“Real Madrid”in prezidenti Florentino Peres ötən mövsüm Kral Kubokunun finalı ərəfəsində hakimlər tərəfindən hiss etdikləri təzyiqdən danışıb.
Sport1.az xəbər verir ki, Peres AS-a açıqlamasında “kral klubu”nun “Neyqreyra işi” üzrə məhkəmə prosesində yeganə tərəf olduğunu xatırladaraq məsələnin hələ də hakimlər sisteminə təsir etdiyini bildirib.
O vurğulayıb ki, “Barselona”nın dörd prezidenti 17 il ərzində Hakimlər Komitəsinin sabiq vitse-prezidenti Xose Mariya Neyqreyraya milyonlarla avro ödəniş edib və həmin dövrdə adı hallanan bir çox hakim bu gün də fəaliyyətini davam etdirir.
Peres ən qalmaqallı məqam kimi finaldan bir gün əvvəl matçın hakiminin “Real”a qarşı tədbirlər görüləcəyi barədə mesaj göndərməsini göstərib. Onun sözlərinə görə, belə bir açıqlama hakim funksiyasını neytral şəkildə yerinə yetirməyə imkan vermirdi və həmin hakimin dərhal kənarlaşdırılması lazım idi, amma heç bir addım atılmayıb.
Qeyd edək ki, “Barselona” 2001–2018-ci illər arasında Neyqreyraya qeyri-qanuni ödənişlər etməkdə ittiham olunur.