
“Real Madrid” klubun mülkiyyət modeli ilə bağlı ciddi dəyişiklikləri gündəmə gətirib.
Sport1.az xəbər verir ki, klub iki böyük investor — ABŞ-nin “Sixth Street” şirkəti və LVMH qrupunun sahibi Bernar Arnonun təkliflərini dəyərləndirir. Hər iki tərəf Madrid təmsilçisinin təxminən 10 faiz payını almaqda maraqlıdır. Bu paket 1 milyard avro civarında qiymətləndirilir.
Məlumata görə, klubun ümumi dəyəri hazırda 10 milyard avronu ötüb və bu səbəbdən beynəlxalq investorlardan maraq xeyli artıb. Dekabrda keçiriləcək xüsusi iclasda yeni mülkiyyət modelinin müzakirəsi planlaşdırılır.
Təklif edilən model alman futbolundakı sistemə bənzər şəkildə azlıq payına sahib investorun yalnız iqtisadi hüquqlara malik olmasını nəzərdə tutur. Bu pay sahibləri klubun idarəçiliyinə təsir edə bilməyəcək.
“Sixth Street” artıq “Santyaqo Bernabeu”nun kommersiya layihələrində “Real”la əməkdaşlıq edir. LVMH isə yaxın vaxtlarda klubun rəsmi tərəfdaşına çevrilib.
Əgər layihə təsdiqlənsə, Madrid təmsilçisi idman və idarəetmə nəzarətini tam saxlayaraq, inkişaf və modernləşmə üçün əlavə maliyyə resursları əldə edəcək.