
Misli Premyer Liqasının 12-ci turunda keçiriləcək “Sumqayıt” – “Qarabağ” matçı ilə bağlı ev sahibi komanda azarkeşlərə çağırış edib.
Sport1.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin məlumatına görə, qarşılaşmaya böyük maraq var və stadionun matç saatına tam dolacağı gözlənilir.
Bu səbəbdən arenaya giriş iki istiqamətdən təşkil olunacaq: Səməd Vurğun küçəsi (kassa tərəfi) və “Bakı” restoranının (park tərəfi) yanı.
Hər girişdə 5 bilet yoxlanış məntəqəsi fəaliyyət göstərəcək. Azarkeşlərdən xahiş olunur ki, yoxlamadan keçdikdən sonra biletlərində göstərilən sektorun uyğun qapısına yaxınlaşsınlar. Bu, həm hərəkəti nizamlayacaq, həm də təhlükəsizlik əməkdaşlarının işini asanlaşdıracaq.
Sektoru tapmaqda çətinlik yarandıqda ərazidəki könüllülərin köməyinə müraciət etmək mümkündür.
Bildirilib ki, stadionun qapıları oyundan 1,5 saat əvvəl — 17:30-da açılacaq.