
Tibo Kurtua “Real Madrid” tarixinin ən yaxşı qapıçısı olub-olmadığı barədə suala münasibət bildirib.
Sport1.az xəbər verir ki, belçikalı qolkiper COPE-ə açıqlamasında özünü klubun böyük əfsanələri ilə müqayisə etmədiyini vurğulayıb:
“Kiminsə mənim “Real Madrid” tarixinin ən yaxşı qapıçılarından biri olduğumu deyəndə dərhal İker Kasilyası xatırlayıram. O, həm Madrid üçün, həm də ümumilikdə İspaniya futbolu üçün misilsiz fiqurdur. Onun adının çəkildiyi yerdə özümü ən böyük hesab etməyim mümkün deyil. Sadəcə ən yaxşılar sırasında yer almaq belə böyük qürurdur.
Yadda qalmağın yolu titullardır. “Liverpul”la oyunda səkkiz seyv etmiş olmağım illər sonra yada düşməyəcək, amma qazandığın kuboklar qalır. Buna görə də daim qazanmağa çalışıram. “Real Madrid”də olmaq mənim arzum idi və burada olduğum üçün çox xoşbəxtəm”.
Qeyd edək ki, 2018-ci ildən Madrid klubunun formasını geyinən Kurtua bu mövsüm 22 matçda 20 qol buraxıb və 10 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.