
Misli Premyer Liqasının XI turunda "Qarabağ" evdə "Neftçi"ni məğlub etdi - 2:0.
Görüşdən sonra "köhlən atlar"ın futbolçusu Toral Bayramov Sport1.az-a müsahibə verdi...
- Derbidə qələbə qazandınız. Düşüncələrin nələrdir?
- Çətin və ağır oyun keçdi. Derbi adına layiq görüş idi. Azarkeşlərə təşəkkür edirəm ki, möhtəşəm atmosfer yaratdılar. Vacib olan odur ki, tapşırıqları düzgün yerinə yetirərək qələbə qazana bildik. Önümüzdəki qarşılaşmalarda da fanatlarımızı sevindirməyə çalışacağıq.
- "Çelsi" ilə oyundan sonra "Neftçi"yə qarşı hazırlaşmaq prosesi necə keçdi?
- Düşünürəm ki, çətin olmadı. Artıq ağır oyunlara öyrəşməliyik. Çünki qarşıda bizi daha da çətin qarşılaşmalar gözləyir. Azarkeş dəstəyi bizi daha da motivasiya etdi. Nəticəyə görə xoşbəxtik.
- İkinci hissədə daha fərqli bir "Qarabağ" gördük. Fasilədən öncə fərqlənmək üçün nə çatmadı?
- Nəsə çatmadı deməzdim. Qarşımızdakı rəqib "Neftçi"dir. Onları da həfifə almayaq. Çox yaxşı təşkil edilmiş komandadır. Son görüşlərdə də qələbələr qazanırlar. Yaxşı mübarizə oldu.
- Qarşıda millinin oyunları var. Nə deyə bilərsən?
- Komandamıza fokuslandığımız üçün bu görüşlər haqda bir şeylər deyə bilməyəcəm. Hər iki oyunda da yaxşı nəticə almağa çalışacağıq.
MİKAYIL HACIYEV