
Misli Premyer Liqasının 11-ci turu davam edir.
Bu gün həftənin ən maraqlı qarşılaşması baş tutacaq. Azərbaycan derbisində "Qarabağ" "Neftçi"ni qəbul edəcək.
Oyuna maraq çox böyükdür. Ağdam təmsilçisinin mətbuat xidmətinin açıqlamasına görə, qarşılaşma üçün ayrılmış bütün biletlər satılıb.
Görəsən, oyunda kim qalib gələcək? Duelin favoriti kimdir? Suallarımızı Arif Əsədova ünvanladıq. Mütəxəssis Sport1.az-a açıqlamasında bunları söylədi:
"90-ci illərdən "Neftçi" ilə "Qarabağ"ın qarşıdurması həmişə maraqlı olub. Hətta son illərdə Ağdam təmsilçisi bütün rəqiblərindən bir baş üstün olmasına rəğmən, yenə də "ağ-qaralar"la "süvarilər"in mübarizəsi maraqlı kecir. "Qarabağ" favorit olsa da, hesab edirəm ki, çox gərgin oyun alınacaq. Hazırda ağdamlılar iki cəbhədə döyüşdüklərindən heyətdə rotasiyalar müşahidə edəcəyik. Bakı klubu isə əsas heyətlə döyüşəcək. Əsas da "Neftçi"nin son transferlərinin "Qarabağ"la oyunda özlərini necə göstərmələri maraq doğurur. "Çelsi' ilə görüşdə Qurban Qurbanovun komandası çox güc sərf etdi. Oyunun sonlarına yaxın futbolçuların çoxunun ayağı qıc olmağa başlamışdı. "Qarabağ"da əsas heyət oyunçularının istirahət veriləcəyini nəzərə alsaq, "Neftçi"nin yaxşı nəticə qazanmaq, ən azından bir xal götürmək şansı var. Ümümi götürəndə çox gərgin və maraqlı matç izləyəcəyik".
MİRZƏ S.