Madrid “Real”ının sabiq hücumçusu İvan Samorano “El Chiringuito”nun “El Cafelito” proqramında gənc istedadlar barədə maraqlı açıqlama verib. Sport1.az xəbər verir ki, çilili veteran “Barselona”nın futbolçuları arasında yalnız birini “Real” üçün uyğun gördüyünü bildirib.
Samorano fikrini belə ifadə edib:
“Mən Lamin Yamalı “Real Madrid”ə transfer etməzdim. O, parlaq istedaddır, amma “Real” oyunçusuna xas ruhu və xarakteri özündə daşımır. Mən Pedrini götürərdim. O, fenomenal istedaddır, eyni zamanda çox sadə, təvazökar və yalnız lazım olanda danışır. Pedridə “Real”ın ruhu var”.Sabiq hücumçu əlavə edib ki, Pedri davranışı, çalışqanlığı və komanda üçün fədakarlığı ilə “Real Madrid”in dəyərlərini daha çox təcəssüm etdirir.
Çilili veteran “Real”da oynayan futbolçuların həm meydanda, həm də meydandan kənarda klubu təmsil edən mədəniyyətə sahib olmalarının vacibliyini vurğulayıb:
“Real Madrid” sinif və mədəniyyət komandasıdır. Ağ formanı geyinən hər bir oyunçu bu dəyərləri təmsil etməlidir. Mən Messinin heç vaxt “Real” oğruluq edir” dediyini eşitməmişəm. Halbuki o, dünyanın ən yaxşısı idi”.Samoranonun bu sözləri Yamalın “El-Klasiko”dan öncəki “Twitch” yayımında səsləndirdiyi “Bəli, əlbəttə, onlar oğurlayır, həmişə şikayət edirlər” ifadəsinə işarə idi. Bu açıqlama “Real” futbolçularının narazılığına səbəb olmuş və 18 yaşlı oyunçunun davranışına dair tənqidləri artırmışdı.
Buna baxmayaraq, Samorano “Barselona”ya çağırış edib:
“Onlar Yamalı düzgün istiqamətləndirməlidirlər. Onda böyük futbolçu olmaq potensialı var. Düzgün yönləndirilsə, tarixə düşən oyunçulardan biri ola bilər”.