Azərbaycan / Premyer Liqa
21:06
2.11.2025
68
Misli Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan” səfərdə “Sumqayıt”a 2:3 hesabı ilə məğlub olub.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev matçla bağlı fikirlərini bölüşüb və jurnalistlərin suallarını cavablandırıb:
“Maraqlı oyuna şahidlik etdik. Hər iki komanda meydançada müdafiə yox, hücuma üstünlük verirdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq düzgün reaksiya versək, bu nəticə qarşıdakı matçlarda bizim üçün faydalı olacaq. Oyunu rahat bitirə bilərdik, amma səhvlərimiz ucbatından məğlub olduq. Futbol səhv oyunudur. Çempionat hamı üçün ağır keçir. Həmin səhvləri aradan qaldırsaq, növbəti oyunlarda qələbələrə daha yaxın ola bilərik.”
- “Araz-Naxçıvan” həmişə etibarlı müdafiəsi ilə seçilib. Bu gün sanki nəsə olmuşdu müdafiə xəttinə. Boşluq verməyinizin səbəbi nə idi? - Sırf müdafiəçilərin üzərinə atmaq istəmirik bunu. Komanda olaraq boşluqlar verirdik ki, rəqib ondan istifadə edirdi. Fərdi səhvlər var idi. Onu aradan qaldırsaq, komanda kimi müdafiədə daha da yaxşı olacağıq. Elə səhvlərdir ki, onun üzərində işləməliyik. Komanda olaraq daha artığını etməliyik ki, üstün oynadığımız matçı məğlub bitirməyək.
- Qara Qarayev son vaxtlarda daha çox ehtiyatda qalır, az-az şans qazanması nə ilə bağlıdır? - Həmin zonada rəqabət var. Yaxşı, sağlam rəqabət gedir. Qarşıdakı matçlarda Qara da şans qazanacaq. Sadəcə elə olur ki, az şans qazanır. Qara öz üzərində maksimum çalışan futbolçudur.