“Futbolçularımı alqışlayıram, çox yaxşı oyun sərgilədilər. Bir neçə real qol imkanımız oldu, amma dəyərləndirə bilmədik. Penalti sayəsində hesabı bərabərləşdirdik”. Sport1.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının “Neftçi” ilə oyunundan sonra (2:2) oyundan sonra təşkil olunan mətbuat konfransında dedi.
Sadıqov komandasının mübarizəsindən razı qaldığını bildirdi:
“Ümumilikdə baxımlı oyun alındı. Meydançanın durumu da yaxşı idi, bu da keyfiyyətə təsir göstərdi. Oyunçulara qısa istirahət veriləcək, sonra hazırlıqlar davam edəcək. Təəssüf ki, Ayron Qomisin qırmızı vərəqəsi bizi üzdü.”Zədəlilərlə bağlı danışan Sadıqov əlavə etdi:
“Volkov və Cibrilla ən az 5-6 həftə meydanda olmayacaq. Bu da hücum xəttində ciddi çətinlik yaradır”.Yeni transfer Yeqor Boqomolskiyə də toxunan baş məşqçi onun istəkli və çalışqan olduğunu dedi:
“Hər oyunda qol fürsəti yaradır, sadəcə fərqlənmək şansı hələ ki, alınmayıb. Ancaq inkişaf edərək komandaya böyük fayda verəcək”.
Sonda Sadıqov hücumdakı problemləri xüsusi vurğuladı:
“Bu mövsüm hücum xəttində əziyyət çəkirik. Brahim Konate də zədəli idi, amma məcburiyyətdən meydana çıxdı. Ümid edirəm, yaxın zamanda vəziyyət düzələcək. Sonluq çox dramatik alındı. Yüzfaizli qol epizodu bizdə çox idi. Topun qapı xəttini keçib-keçmədiyini bilmirəm. Futbolçularım irəli atıldılar, penalti ilə hesabı bərabərləşdirdik”.