SON DƏQİQƏ
Misli Premyer Liqasının V turunda “Qarabağ” səfərdə “Araz-Naxçıvan”ı məğlub etdi – 5:0.
Matçdan sonra “köhlən atlar”ın hücumçusu Musa Qurbanlı Sport1.az-a müsahibə verdi....
- Darmadağında qalib gəldiyiniz oyun haqda fikirləriniz maraqlıdır...
- “Araz Naxçıvan” güclü komandadır. Turnir cədvəlinin lideri idilər. Bu qarşılaşmanın asan olmayacağını öncədən bilirdik. Rəqibin oyunun əvvəlində qırmızı vərəqə alması, penalti qazanmağımız işimizi asanlaşdırdı.
- Qarşılaşmadan öncə böyükhesablı qələbə gözləyirdiniz?
- Xeyr! Oyundan öncə hesab haqda düşünmürük. Tək hədəfimiz qələbə qazanmaq olur.
- "Qarabağ" Ramil Şeydayevin transferini açıqladı. Onun gəlişi ilə hücum xəttində olan rəqabətin gücləndiyini söyləyə bilərik?
- Ramil daha öncə də bizimlə oynayıb. Bir yerdə böyük uğurlar qazanmışıq. Şəxsi münasibətlərimiz də yaxşıdır. Hamımız onun xətrini çox istəyirik. Düşünürəm ki, Ramil üçün də bu keçid uğurlu olacaq.
- “Benfika” üzərində qazanılan qələbədən sonra bu oyuna çıxmaq çətin olmadı?
- Çox böyük fərq var idi. Atmosfer ayrı idi. İstər otun keyfiyyəti baxımından, istərsə də oyun sürəti baxımından ciddi fərqlər var idi. Hər iki çempionat da bizim üçün çox önəmlidir.
- Lissabonda qazandığınız tarixi qələbə Avropada da sosial şəbəkələrdə gündəm idi. Yəqin ki, sizin də qarşısınıza çıxanlar olub. Həmin paylaşımları oxuyanda hansı hissləri keçirirdiniz?
- Dünya futbolunun bir nömrəli arenasında ölkəmizi və bayrağımızı bu cür təmsil etmək çox qürurvericidir. Heç kimin gözləmədiyi anda qələbə qazanaraq bütün dünyada ölkəmizi tanıtdıq.
- Həmişə Türkiyə futbolunu bizə örnək kimi göstərirdilər. İndi isə tam əksini görürük...
- Kimlərəsə örnək ola bilmək bizim üçün xoşdur. Hamısı işimizə peşəkar yanaşmağımızın nəticəsidir.
MİKAYIL HACIYEV