Misli Premyer Liqasının V turunda "Araz-Naxçıvan" "Qarabağ"a darmadağın oldu - 0:5.Sport1.az xəbər verir ki, qarşılaşmadan sonra meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyev mətbuat konfransında iştirak etdi.
Mütəxəssis məğlubiyyət haqda bunları söylədi:
"Ağır məğlubiyyət oldu. Qırmızı vərəqəyə qədər futbolçular başabaş oynamağa çalışırdılar. Qol epizodlarına da girdik. Amma qırmızı vərəqədən sonra "Qarabağ"a qarşı oynamaq çətindir. Danışılası çox şey yoxdur. Bu ağır məğlubiyyəti unudub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır".Elmar bəy qırmızı epizodunda hakimin yoxsa, Slavik Alxasovun günahkar olduğuna aydınlıq gətirdi:
"Qınanılacaq epizod da yoxdur. Əliyar Ağayevin qərarı ağır idi. Penalti verirsən, rəqibi azlıqda saxlayırsan. Ağır qərar oldu. Qırmızı vərəqə göstərmədən, 11 metrlik cərimə zərbəsi təyin edə bilərdi. Bəli, penalti var idi".Məşqçi 4 oyuna 25 top buraxmasına baxmayaraq Kristian Avramın çıxışından razı olduğunu bildirdi:
"Siz statistikaya baxırsınız. Fərdi səhvləri çox edirik. Onun da nəticəsində qapımızda qollar görürük. Oyuna yaxşı başlasaq da, qırmızı vərəqədən sonra oyun ritmindən düşdük. Rəqibin usta futbolçuları məharətlə yararlandılar".- Elmar Baxşıyev Ramon Maçadonun durumu haqda da danışdı:
"Bizim üçün önəmli futbolçudur. Amma uzana-uzana gedir. Ümid edirik ki, tez bir zamanda qayıdar. Məşqlərə başlayıb. Amma fərdi məşqlər edir. Yəqin tam hazır olmalıdır ki, kollektivə qoşulsun. Dizin arxasında olan əzələsində problem var. Təlim-məşq toplanışında zədələnmişdi".