Honkonqda keçirilən qılıncoynatma üzrə Dünya Çempionatında fərdi yarışlarda ən yaxşı nəticə qadın sablyaçımız Palina Kaspiaroviçə məxsusdur.
Sport1.az xəbər verir ki, Kaspiaroviç qrup mərhələsində keçirdiyi 5 görüşün hamısında qalib gələrək əsas cədvələ birbaşa vəsiqə qazandı.
Təmsilçimiz ilk görüşündə Türkiyə sablyaçısı Nil Güngörü 15:8 hesabı ilə məğlub edərək ən güclü 32-liyə yüksəldi.
Palina növbəti mərhələdə finala kimi irəliləyən Fransa təmsilçisi Sara Balzerə 6:15 hesabı ilə uduzaraq turniri 23-cü pillədə başa vurdu.
Zərifə Hüseynova qrup mərhələsini uğurla adladıqdan sonra təsnifat görüşündə kanadalı Julie Xiaoya 15:7 hesabı ilə qalib gəldi.
Əsas cədvəlin ilk mərhələsində ikiqat dünya çempionu, Yaponiya təmsilçisi Misaki Emura ilə qarşılaşan sablyaçımız 11:15 hesabı ilə məğlub oldu.
Anna Başta təsnifat mərhələsində Polşa təmsilçisi Julia Cieslarla, Sabina Kərimova isə ukraynalı Viktoriia Korotchenkova ilə qarşılaşdı.
Hər iki görüş rəqiblərin 15:13 hesablı qələbəsi ilə yekunlaşdı.
Kişi sablyaçıların fərdi yarışında Murad Əkbərov, Maqsud Hüseynli, Abbas Hüseynov və Saleh Məmmədov qrup mərhələsini uğurla adladılar.
Abbas Hüseynov təsnifat görüşündə Küveyt təmsilçisi Adel Almutairiyə 15:10 hesabı ilə qalib gələrək əsas cədvələ yüksəldi.
Təmsilçimiz 1/32 finalda Tunis sablyaçısı, Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Fares Ferjani ilə qarşılaşıb və 11:15 hesabı ilə məğlub oldu.
Murad Əkbərov Küveyt təmsilçisi Fayadh Alobaidi 15:8 hesabı ilə məğlub etdi, növbəti görüşdə isə Çin sablyaçısı Lin Xiaoya 10:15 hesabı ilə uduzdu.
Maqsud Hüseynli Misir təmsilçisi Mohamed Amerlə keçirdiyi gərgin qarşılaşmada 13:15, Saleh Məmmədov kanadalı Olivier Desrosierslə görüşdə 12:15 hesabı ilə məğlub olaraq fərdi yarışda çıxışlarını başa vurdular.
Kişi şpaqaçıların fərdi yarışında Mirxətai Məmmədov qrup mərhələsini adlaya bilmədi.