
Misli Premyer Liqasının XXIII turunun “Şamaxı” – “İmişli” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…
– Ev oyunumuz idi. 90 dəqiqə yaxşı mübarizə apardıq. Sadəcə ağır oyundan çıxmışdıq, futbolçularda yorğunluq var idi. “İmişli” rəqibinin oynamasına imkan verməyən komandadır. Məncə, mühüm xal qazandıq. Çempionatda yerimizi qorumalıyıq, alınarsa, yuxarı sıralara qalxmaq istəyirik.
– Artıq bütün təhlükələrin dəf olunduğunu demək olar?
– Birinci məqsəd liqada qalmaq idi. İnkişaf istəyiriksə, çempionatda davam etməliydik. Büdcə baxımından aşağıdakı klublardan fərqlənmirik. Premyer Liqada ikinci ilimizdir. Məncə, sonuncu yer həyəcanı olmadan, gənclər üzə çıxarmaq yaxşı nəticədir. İkinci dövrədən stabil yerimizdəyik. Kubokda hədəfimiz var idi, amma rəqibin təcrübəsi sözünü dedi. Qarşıdakı 10 oyun bizim üçün böyük motivasiyadır. Hər oyuna bu motivasiyanı davam etdirəcəyik.
– Yerli oyunçulara görə klublara bonuslar ödənilir. Rəhbərliklə danışmağı düşünürsüz ki, bundan sonra yerlilərə şans verək?
– Rəhbərliklə aramda olan danışıqlar var. Müzakirələr aparırıq. Amma bunlar aramızdadır.