
MLS təmsilçisi “Kolumbus Kru” ilə anlaşan “Qarabağ”ın hücumçusu Nəriman Axundzadənin ABŞ-yə yollanacağı vaxt müəyyənləşib.
Redaksiyamıza daxil olan məlumata görə, 21 yaşlı futbolçu ən tez fevralın sonlarında komandaya qoşula biləcək. Onun daha erkən tarixdə yola düşməsi mümkün olmayacaq.
Sənədləşmə prosesindən asılı olaraq hücumçunun gedişi mart ayına da qala bilər.
Qeyd edək ki, Nəriman Axundzadə Major League Soccer-in U22 Təşəbbüsü çərçivəsində “Kolumbus Kru”ya transfer olunub. Gənc hücumçu Beynəlxalq Transfer Sertifikatı (ITC) və P-1 vizasını aldıqdan sonra beynəlxalq legioner statusu qazanacaq. Futbolçu ilə imzalanan müqavilənin müddəti 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
NİHAT KƏRİMLİ