
“Qarabağ”ın Jeremi Qnali transferi ilə bağlı planları maraq doğurur.
Baş məşqçi Qurban Qurbanov Azərbaycan Kubokunda "Şamaxı"ya 1:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında bildirmişdi ki, futbolçunu yarımmüdafiəçi yox, sol cinah müdafiəçisi kimi istifadə etməyi düşünür. Görəsən, Elvin Cəfərquliyev və ya Toral Bayramov "Qarabağ"dan ayrılır? Yoxsa Qurban Qurbanov Jeremi Qnalini ehtiyat qüvvə kimi transfer edib? Sualımızı Tural Əsgərova ünvanladıq. Tanınmış agent mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bu suala dəqiq cavab vermək çox çətindir. Hər iki variant ola bilər. Ola bilsin ki, hansısa futbolçunun transferi planlaşdırılır və ya kimsə komandadan ayrılmaq istəyir. Buna görə də indidən tədbir görülərək başqa bir sol cinah müdafiəçisi transfer olunub. Digər variant isə rotasiya ilə bağlı ola bilər”.
Tural Əsgərovun sözlərinə görə, bu vəziyyətdə ən düzgün addım əsas oyunçulardan birinin satılmasıdır:
“Mənim fikrimi bilmək istəyirsiniz? Düşünürəm ki, Toral Bayramov və ya Elvin Cəfərquliyevdən birinin satılması daha uyğun variant olar”.
ZƏFƏR HACILI