
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze “Araz-Naxçıvan”la yoxlama oyunundan sonra fikirlərini bölüşüb.
Sport1.az xəbər verir ki, gürcü mütəxəssis 1:0 hesablı görüşdən sonra klubun mətbuat xidmətinə açıqlama verib:
“Biz çox yaxşı komandaya qarşı oynadıq. “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenkonu çoxdan tanıyıram, yaxşı mütəxəssisdir. Belə bir rəqibə qarşı düzgün oynamaq vacib idi. Bu, bizim ikinci yoxlama oyunumuz idi. İlk matçla müqayisədə bu gün daha yaxşı təsir bağışladıq. Hava şəraiti əlverişli olmasa da, meydanda yaxşı mübarizə getdi. Nəticə önəmli deyil, əsas məqsəd futbolçuları yoxlamaqdır. Sevindirici haldır ki, oyunda zədələnən olmadı. Keyta bu gün debüt etdi, Akinade isə ikinci matçına çıxdı. Hər iki futbolçunun çıxışından razı qaldım”.