
Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışında olan “Qarabağ” ilk yoxlama oyununu keçirib.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə üz-üzə gəlib və qarşılaşma 5:0 hesablı qələbə ilə yekunlaşıb.
Oyundan sonra baş məşqçi Qurban Qurbanov komandanın hazırlıq durumu ilə bağlı fikirlərini bölüşüb:
“İlk oyunumuz idi. Hazırlıq ümumilikdə pis getmir. İstərdik ki, vaxtımız bir az çox olsun. Yanvarın 16-da daha bir matçımız var. Daha bir yoxlama oyunu keçirilməsini istərdik. Əfsuslar olsun ki, vaxtımız yoxdur. Futbolçular istəklidirlər, özlərinə gəliblər. İlin sonunda çox yorğun idilər. Əvvəlki günlərinə, futbol sevgisinə bir az qayıdıblar. Düzdür, Aleksey Kaşukla Toral Bayramov bir neçə gün məşqdən kənar qaldılar. Amma ümumilikdə hazırlıq proqram üzrə gedir. Rəqibin oyunlarına da baxmışdıq. Bir az sistemlərini dəyişmişdilər. Onların belə oyununu normal qarşıladım”.
Qeyd edək ki, “Qarabağ” Antalya toplanışı çərçivəsində daha bir yoxlama oyunu keçirəcək. Komanda yanvarın 16-da Polşanın “Zaqlebie Lublin” klubu ilə qarşılaşacaq.