
“Barselona”nın baş məşqçisi Hansi Flik Joao Kanselonun komandaya mümkün qayıdışı ilə bağlı danışıb.
Sport1.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə “Sport.es” nəşrinə açıqlamasında bildirib. Flikin sözlərinə görə, hazırda “Əl-Hilal”da çıxış edən portuqaliyalı müdafiəçinin icarə əsasında Kataloniya klubuna dönüşü hələ yekunlaşmayıb, lakin razılaşma baş tutarsa, bu addım komandaya əlavə seçim imkanları yaradacaq:
“Joao bizə həm cinah müdafiəçisi mövqeyində, həm də hücum xəttində kömək edə bilər. Razılaşma hələ tamamlanmayıb, amma reallaşarsa, bu, altı ay üçün çox yaxşı variant olar və komandaya daha çox alternativ verər”.
Flik qış transfer pəncərəsində mərkəz müdafiəçisi alınmamasına da münasibət bildirib. O qeyd edib ki, Ronald Arauxonun zədədən qayıdışından sonra bu mövqedə kifayət qədər seçim olacaq.
Qeyd edək ki, Joao Kanselo 2023–2024-cü illərdə “Barselona”nın formasını geyinib. Həmin dövrdə o, bütün turnirlər üzrə 42 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.