
“Espanyol” azarkeşləri bu gün keçiriləcək “Barselona” derbisi ərəfəsində sabiq qapıçı Xoan Qarsiyanın transferinə münasibətlərini fərqli şəkildə ifadə etməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Bildirilir ki, “Espanyol” ultrasları prinsipial rəqibə keçidi qəbul etmədiklərini simvolik addımla nümayiş etdirmək niyyətindədir. Fanatların oyundan əvvəl meydana siçan fiqurları atmağı planlaşdırdığı qeyd olunur. Bu addım Qarsiyaya ünvanlanan açıq mesaj kimi dəyərləndirilir.
Məlumata görə, ultras qrupları bu plan üzərində təxminən bir aydır düşünür. Stadion rəhbərliyi və təhlükəsizlik xidmətləri mümkün gərginlik ehtimalını nəzərə alaraq əlavə tədbirlərə hazır vəziyyətdədir. “Espanyol” tərəfdarları üçün Qarsiyanın “Barselona”ya keçidi xəyanət kimi qəbul olunub.
Qeyd edək ki, Xoan Qarsiya 2025-ci ilin iyununda “Espanyol”dan “Barselona”ya transfer olunub və Kataloniya klubu ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.