
“Yuventus”un cinah hücumçusu Kenan Yıldız klubla yeni müqavilə məsələsində razılığa gələ bilməyib.
Sport1.az xəbər verir ki, “TuttoJuve” nəşrinin məlumatına görə, 2029-cu ilin yayına qədər qüvvədə olan kontraktın uzadılması ilə bağlı danışıqlarda əsas maneə futbolçunun illik 5 milyon funt sterlinq (təxminən 5,7 milyon avro) maaş tələbi olub. Bu məbləğ Turin təmsilçisi üçün ciddi maliyyə çətinliyi yaradır.
Bildirilir ki, sözügedən məvacib Premyer Liqa klubları üçün problem sayılmır. “Arsenal”, “Çelsi” və “Tottenhem” 20 yaşlı vingeri yaxından izləyən komandalar sırasındadır. İngiltərə təmsilçiləri gənc oyunçunu hücumun hər iki cinahında, eləcə də hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış edə bilən universal futbolçu kimi qiymətləndirirlər.
Qeyd edək ki, cari mövsümdə Yıldız bütün turnirlər üzrə 22 matçda forma geyinib, 6 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.