Bu şəxs Oktay Derelioğlunun “Xəzər Lənkəran” karyerasının bitməsinə səbəb olub – AÇIQLAMA

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-12-2025, 20:49

Türkiyə futbolunun tanınmış simalarından olan Oktay Derelioğlu Azərbaycan karyerası ilə bağlı illər sonra diqqətçəkən açıqlamalar verib.

Sport1.az xəbər verir ki, sabiq hücumçu şəxsi “yutub” kanalında canlı yayım zamanı Azərbaycandakı çıxışını xatırlayıb və “Xəzər Lənkəran”dan ayrılmasının pərdəarxası məqamlarını açıq şəkildə dilə gətirib: 

“Beşiktaş” kimi, “Beşiktaş” qədər olmasa da, ondan dərhal sonra gələn klub mənim üçün “Xəzər Lənkəran” idi. Oradakı sevgi, səmimiyyət, dostluq mühiti o qədər mükəmməl idi ki, özümü yad ölkədə yox, elə bil vətənimdə hiss edirdim”.

Sabiq futbolçu vurğulayıb ki, 2005-ci ildə Azərbaycana gəlişi qısa müddətli plan olmayıb:

“Azərbaycana gedəndə artıq 30 yaşlarımda idim. Amma məqsədim bir mövsüm oynayıb qayıtmaq deyildi. Uzun müddət qalmaq üçün getmişdim. Orada 4–5 il rahatlıqla yüksək səviyyədə oynaya biləcəyimə inanırdım”.

Derelioğlu Lənkəran klubunda keçirdiyi mövsümü xatırladaraq qərarın onun üçün nə qədər gözlənilməz olduğunu deyib:

“Həmin mövsüm “Xəzər Lənkəran”da 32 qol vurmuşdum. Buna baxmayaraq, Rasim Kara mənimlə bağlı Mübariz bəyə mənfi rəy verib və “Oktayı komandada istəmirəm” deyib. Mübariz bəy də baş məşqçi olduğu üçün onun sözünü əsas götürüb. Düşünə bilirsiniz? 32 qol vuran futbolçu istənilmədi”.

Təcrübəli hücumçu bu qərarın onun karyerasına ciddi təsir etdiyini bildirib:

“Son ana qədər gözlədim, bəlkə nəsə dəyişər deyə. Amma olmadı. Bu qərar Azərbaycan futbolundakı yoluma ciddi təsir göstərdi və qısa müddət sonra futbolu buraxdım. Halbuki həmin komandada qalsaydım, inanıram ki, 40 yaşına qədər oynaya bilərdim”.

Oktay Derelioğlu Rasim Kara ilə bütün əlaqələrini kəsdiyini də gizlətməyib:

“O hadisədən sonra Rasim Kara ilə bütün münasibətlərimi kəsdim. Üzünə də demişdim: “Mən sənə nə pislik etmişdim ki, mənimlə belə davrandın?” Mənim Azərbaycan futbolundakı yolum məhz bu qərarla yarımçıq qaldı”.

Sabiq hücumçu fikrini emosional ifadə ilə yekunlaşdırıb:

“Bəzən deyirlər ki, düşmən uzaqda olur. Amma mənim başıma gələnlər göstərdi ki, bəzən ən böyük zərbə ən yaxınından gəlir”.

Qeyd edək ki, Oktay Derelioğlu vaxtilə Türkiyə millisində, “Fənərbağça”, “Trabzonspor” və xüsusilə “Beşiktaş”da çıxışı ilə tanınıb. Onun 2004-cü ilin payızında Azərbaycana gəlişi həm ölkə daxilində, həm də Türkiyədə böyük rezonans doğurmuşdu.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR