
“Qarabağ”da Marko Yankoviçlə bağlı ayrılıq ehtimalı gündəmə gəlib.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin aparıcı yarımmüdafiəçilərindən olan monteneqrolu futbolçu karyerasını başqa ölkədə davam etdirməyə yaxındır. Yankoviçə Yunanıstanın iddialı klublarından birindən sərfəli təklifin daxil olduğu bildirilir və oyunçu bu variantı ciddi şəkildə dəyərləndirir.
Məlumata görə, baş məşqçi Qurban Qurbanov futbolçunu komandada saxlamaq üçün onunla danışıqlar aparsa da, Yankoviç ayrılmaq niyyətində israrlıdır. Bildirilir ki, yarımmüdafiəçi son dövrlər komanda daxilində özünü əvvəlki kimi rahat hiss etmir.
Marko Yankoviç “Qarabağ”ın heyətində bəzi oyunçularla münasibətlərində çətinlik yaşayır. Xüsusilə həmyerlisi Marko Veşoviçin klubdan ayrılmasından sonra futbolçunun kollektivlə ünsiyyətində problemlərin yarandığı vurğulanır.
Xatırladaq ki, Qurban Qurbanov bir neçə gün əvvəl verdiyi açıqlamada komandadakı futbolçulara çoxsaylı təkliflərin gəldiyini bildirmişdi:
“Futbolçulara yaxşı təklif edirlər, kluba isə az məbləğ vermək istəyirlər. Pul bunların gözünü örtüb. Heyəti qorumaq mənim üçün ciddi problemə çevrilib. Demək olar ki, futbolçuların böyük əksəriyyətinə müxtəlif ölkələrdən təkliflər var”.
Onu da əlavə edək ki, Marko Yankoviçin “Transfermarkt” portalına əsasən bazar dəyəri 750 min avrodur. Yarımmüdafiəçinin “Qarabağ”la müqaviləsi 2027-ci ilin iyunun 30-na qədər qüvvədədir.