
“Transfermarkt”ın son bazar dəyəri yeniləməsindən sonra Azərbaycan Premyer Liqasının ən bahalı futbolçuları da bəlli olub.
Sport1.az xəbər verir ki, liqada çıxış edən ən dəyərli 10 futbolçudan 9-u “Qarabağ”ın heyətində yer alır. Bu fakt Premyer Liqada ən dəyərli futbolçuların böyük əksəriyyətinin Ağdam təmsilçisində cəmləşdiyini göstərir.
Ümumilikdə “Qarabağ”ın heyətinin toplam bazar dəyəri 28,5 milyon avroya yüksəlib. Bu göstərici ilə klub Premyer Liqada ən yüksək ümumi bazar dəyərinə sahib komandadır. Sonrakı pillələrdə “Sabah” (16,6 milyon avro) və “Zirə” (13,9 milyon avro) qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən klubların ümumi bazar dəyəri son yeniləmədən sonra 110,23 milyon avrodan 125,95 milyon avroya yüksəlib.
