
“Qarabağ” hücum xəttini gücləndirmək üçün yeni namizəd üzərində işləyir.
Sport1.az xəbər verir ki, Ağdam təmsilçisi Belçikanın ikinci liqasında çıxış edən “Lyej” klubunun seneqallı forvardı Umar Diufla maraqlanır. Məlumata görə, Azərbaycan çempionu gənc hücumçunun transferi üçün qarşı tərəfə rəsmi təklif göndərib.
Danışıqlar zamanı “Qarabağ”ın futbolçuya görə 1,2 milyon avro təklif etdiyi bildirilir. Lakin Belçika klubu bu məbləği yetərli hesab etməyib və oyunçunu daha yüksək qiymətə satmaq niyyətindədir. Tərəflər arasında maliyyə məsələsində razılıq əldə olunmadığı üçün proses hələlik dalana dirənib.
Diufun adı təkcə “Qarabağ”la hallanmır. Hücumçuya Belçika klubları ilə yanaşı, Kipr və İngiltərədən də marağın olduğu qeyd olunur. Bu isə transfer uğrunda rəqabəti daha da artırır.
Qeyd edək ki, Umar Diuf cari mövsümdə Belçikanın ikinci liqasında 18 oyuna çıxıb, 8 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Lyej” klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.