
“Milan”ən hücumçusu Santyaqo Ximenes əməliyyat olunacaq.
Sport1.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb. Meksikalı forvard sağ topuq nahiyəsindən cərrahi müdaxilə keçirəcək.
Ximenes sonuncu dəfə oktyabrın 28-də “Atalanta” ilə oyunda meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib. Həmin vaxtdan futbolçu müalicə alsa da, vəziyyətin yaxşılaşmaması səbəbindən əməliyyat qərarı verilib. Prosedurun bu həftə və ya gələn həftənin əvvəlində həyata keçirilməsi planlaşdırılır.
Bildirilir ki, problem sümük nahiyəsi ilə bağlıdır və bağlar, eləcə də qığırdaq zədələnməyib. Bu səbəbdən Ximenesin yaşıl meydanlara qayıdışı təxminən 6 həftə ərzində mümkün ola bilər. Maksimum bərpa müddətinin isə 2 ay çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Santyaqo Ximenes cari mövsümdə “Milan”ın heyətində 11 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.