
Misli Premyer Liqasının XV turunda "Sumqayıt" səfərdə "Neftçi" ilə heç-heçə etdi - 2:2.
Qarşılaşmadan sonra qonaqların yarımmüdafiəçisi Masaki Murata Sport1.az-a müsahibə verdi...
- Gərgin oyunda geridönüş edərək 1 xal qazandınız. Matçla bağlı fikirlərin maraqlıdır...
- “Neftçi” güclü rəqibdir. Heyətlərində çox yaxşı futbolçular var. Onlara qarşı oyunlarımız həmişə çətin keçir. Düzünü demək lazımdır, ilk hissədə “Neftçi” üstün oynadı. Fasilədən sonra da pis deyildilər. Bunun da nəticəsində hesabı 2:0-a çatdırdılar. Biz isə matça yaxşı başlamadıq. Xüsusən də ilk 20 dəqiqədə zəif idik. Lakin sonradan toparlandıq. Hesabda geri olsaq da, məğlubiyyətdən qaçmağı bacardıq. Bu da sevindiricidir.
- “Neftçi” matça yeni baş məşqçi ilə çıxmışdı. Bu, “Sumqayıt”ın lehinə idi, yoxsa əleyhinə?
- Bəli, bilirdik ki, "Neftçi" yeni baş məşqçinin rəhbərliyi altında meydana çıxacaq. Bu da rəqib futbolçuların motivasiyasını artıracaq. Belə də oldu. Görüş hər nə qədər çətin olsa, yekunda xal qazanmağı bacardıq.
- Matçın gedişində meydanda tez-tez gərginlik yaşanırdı. Hətta sona yaxın dava da düşdü. Bütün bunlar nədən irəli gəlirdi?
- Davanın səbəbini bilmirəm. Mən həmin vaxt əvəz olunmuşdum, meydanda deyildim. Ehtiyat oyunçular skamyasından isə konkret fikir bildirmək çətindir. Gördüyümə əsasən deyə bilərəm ki, bizim futbolçumuza qarşı kobudluq olmuşdu. Hər şey də bundan sonra başladı.
- Bu, sizin “Sumqayıt”a ikinci gəlişinizdir. Saşa İliçin komandası əvvəlki kollektivdən nə ilə fərqlənir?
- Hazırda yenidən “Sumqayıt”da olduğum üçün xoşbəxtəm. İşimizdən zövq alırıq. Hamı birlikdə komandanın uğuru üçün çalışır. Bir sözlə, yaxşı kollektivimiz var.
- Hazırkı duruma görə “Sumqayıt”ın avrokubok şansını necə qiymətləndirirsiniz?
- Turnir cədvəlində vəziyyətimiz yaxşıdır. Lakin mövsümün sonuna hələ çox var. Məqsədimiz oyundan oyuna irəli getmək və daha çox xallar qazanmaqdır.
- Azərbaycanda sizdən başqa daha bir yaponiyalı futbolçu – Ryonosuke Ohori də çıxış edir. Onunla tanışlığınız var?
- Bəli, Ohori ilə əlaqəmiz var. Lakin hazırda “Kəpəz”də çıxış etdiyi üçün o, Bakıda yaşamır. İmkan olanda mütləq görüşürük, kafedə oturuq, futboldan danışırıq. Bir sözlə, münasibətimiz yaxşıdır.
- Kafedən söz düşmüşkən, Azərbaycan mətbəxi ilə aranız necədir, sevdiyiniz milli yemək hansıdır?
- Yaxşıdır. Ən çox sevdiyim yemək qutabdır. Bəzən məşqlərdən sonra futbolçularla birlikdə qutab yeməyə gedirik. Şirniyyatları da sevirəm.
MİKAYIL HACIYEV