
“Botafoqo”nun Pedro Bikalyo ilə maraqlandığını diqqətinizə çatdırmışdıq.
Sport1.az “Globo” nəşrinə istinadən xəbər verir ki, Braziliya klubu “Qarabağ”a 24 yaşlı yarımmüdafiəçi ilə bağlı rəsmi müraciət edib. Rio-de-Janeyro təmsilçisi futbolçunu icarə əsasında heyətinə qatmaq və müəyyən şərtlər daxilində satınalma öhdəliyi ilə razılaşma təklif etsə də, bu model Ağdam klubunu qane etməyib.
Məlumata görə, “Qarabağ” yalnız futbolçunun birbaşa transferi üzərində danışıqlara açıq olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. Klub performansa bağlı şərtlər və ya mərhələli ödəniş mexanizmləri ilə maraqlanmır.
Bildirilir ki, Pedro Bikalyonun özü və nümayəndələri Braziliya təmsilçisinin layihəsinə müsbət yanaşır. Bu amil “Botafoqo”nun geri çəkilməməsinə səbəb olub və klubun yaxın zamanda yeni şərtlərlə yenidən masa arxasına qayıdacağı gözlənilir.