
Misli Premyer Liqasının 15-ci turunda "Sabah" səfərdə "Turan Tovuz"u məğlub etdi - 3:1.
Qarşılaşmadan sonra qonaqların üzvü Coy-Lens Mikels Sport1.az-ın suallarını cavablandırdı...
- Vacib oyunda qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?
- Çox yaxşı oyun sərgilədik. "Turan Tovuz"la səfərdə 3:1 hesablı qələbə əla nəticədir. Komanda və azarkeşlər bizimlə qürur duyur.
- Meydanın vəziyyəti oyuna nə dərəcədə təsir etdi?
- Ot örtüyünün durumu ideal deyildi, amma "Turan Tovuz" da eyni şəraitdə mübarizə aparırdı. Ona görə də bunu bəhanə kimi göstərmirik. Düşünürəm ki, qarşılaşmanı düzgün idarə etdik, ilk qolu vurduq və daha sonra öz oyunumuzu sərgilədik. Nəticədən çox razıyıq.
- Qarşıda "Qarabağ"la çox çətin oyun var...
- Çox maraqlı görüş olacaq. Bu matç bizim harada olduğumuzu göstərəcək. Düşünürəm ki, xal qazanmaq, hətta qalib gəlmək üçün real şansımız var. Amma hər şeyi meydanda görəcəyik.
- Çempionatda əsas məqsədiniz nədir: Çempionluq, yoxsa ikinci olmaq?
- Əsas məqsədimiz qış fasiləsinə lider kimi yollanmaqdır. Bu, bizim hədəfimizdir. Hədəfə yaxınıq, amma hələ iki çətin oyunumuz var — "Qarabağ" və "Sumqayıt"la.
-Mövsümün sonunda Premyer Liqada bombardir ola bilərsən?
- Bəli, mümkündür. Amma oyundan-oyuna düşünürük. Əlbəttə, qol vurmaq xoşdur, amma komanda yoldaşlarıma məhsuldar ötürmə vermək də mənim üçün önəmlidir. Yalnız qolları düşünmürəm. Komandaya kömək etməyim məni qürurlandırır.
MİRZƏ S