
Azərbaycan çempionu “Qarabağ”ın son illərdə Avropadakı uğurlu çıxışı fonunda komandada çıxış edən futbolçulara maraq da artıb.
Sport1.az xəbər verir ki, Braziliyanın “Botafoqo” klubu “köhlən atlar”ın yarımmüdafiəçisi Pedro Bikalyonu transfer siyahısına daxil edib. Məlumata görə, Rio-de-Janeyro təmsilçisi eyni zamanda Macarıstanın “Ferentsvaroş” klubunda çıxış edən Julio Romaonu da heyətinə qatmağı planlaşdırır.
Bildirilir ki, hər iki futbolçu baş məşqçi Davide Ançelottinin sərəncamında orta xətt üzrə alternativləri artırmaq məqsədi daşıyır. Jurnalist Tiaqo Franklinin məlumatına əsasən, “Botafoqo”nun ilk təklifi klublar tərəfindən qəbul edilməsə də, danışıqlar davam etdirilir.
24 yaşlı Pedro Bikalyo cari ilin yayından “Qarabağ”ın formasını geyinir. “Palmeyras”ın yetirməsi olan yarımmüdafiəçi daha əvvəl “Kruzeyro”nun aşağı yaş qruplarında çıxış edib, Portuqaliyada “Santa Klara” və “Alverka”, Braziliyada isə “Vitoriya” klublarında icarə əsasında oynayıb.
Qeyd edək ki, “Qarabağ”a keçidindən sonra Pedro Bikalyo 25 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2025/26 mövsümündə Çempionlar Liqasının Liqa mərhələsində 6, təsnifat mərhələsində isə 6 oyunda iştirak edib.