
Misli Premyer Liqasının 14-cü turunda "Sumqayıt" "İmişli"ni məğlub etdi - 1:0.
Oyundan sonra "kimyaçılar"ın üzvü Aleksandr Ramalinqom və "pambıqçılar"ın hücumçusu İbrahim Əliyev arasında münaqişə yaşandı. Madaqaskarlı forvard baş verənlə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
"Mənim üçün ciddi nəsə yaşanmadı. Başa düşmədim ki, üstümə niyə gəldi. Danışmağa başladı. Məni vurmağa çalışırdı. Mən də onu itələdim. Ona dedim ki, gəl, futbol oynayaq. Məşqçi üstümə gəldi. O da dalaşmaq istəyirdi. Bu, futbol deyil. Onu da kənara itələdim. Oyundan sonra həmin oyunçu yenə üstümə gəldi. Nəsə danışırdı. Amma başa düşmədim. Çünki nə fransızca, nə də ingiliscə danışırdı. Azərbaycan dilində nələrsə deyirdi".
Ramalinqom İbrahim Əliyevi təhqir etmədiyini bildirdi:
"O, məni necə başa düşə bilər? Fransızca danışır, yoxsa ingiliscə? Hansı dildə onu təhqir etmişəm? Mən Azərbaycan dilində danışa bilmirəm. Əsəbi idi. Üstümə gəlirdi. Mən də onu itələdim. Ola bilər ki, uduzduqları üçün belə davranırdı. Bu, mənim problemim deyil. Dalaşmaq istəyirdisə, oyundan sonra gələrdi. Danışmaq istəyirdisə, gələrdi, söhbət edərdik. Amma özünü göstərməyə gərək yox idi. Dalaşmaq lazım deyildi. Kimsə məni söyməyibsə, heç vaxt onu təhqir etməmişəm. Hamı gördü ki, o, mənim üstümə gəldi. Mən ona nəsə demədim. Məşqçilərinə dedim ki, dalaşmaq lazım deyil. Futbol oynamalıyıq. Amma İbrahimi təhqir etməmişəm. Ola bilər ki, penaltini qaçırdığı üçün əsəbi idi. Mən necə onu təhqir edə bilərəm? Yerimdə sakitcə durmuşdum. O, üstümə gəldi. Mən yox".
MƏHƏMMƏD HÜSEYNOV