
“Börnli”nin yarımmüdafiəçisi Hannibal Mejbri qeyri-idman davranışına görə dörd oyunluq diskvalifikasiyaya məruz qalıb.
Sport1.az xəbər verir ki, müstəqil intizam komissiyası 22 yaşlı futbolçunun 18 oktyabrda “Lids”lə matç zamanı rəqib azarkeşlər istiqamətinə tüpürdüyünü müəyyən edib. Hadisə görüşün təxminən 67-ci dəqiqəsində – Mejbri hələ meydana daxil olmadan, ehtiyat zonasında isinmə zamanı baş verib. O, daha sonra 83-cü dəqiqədə oyuna daxil olub.
Tunisli futbolçu cəza ilə yanaşı, 15 min funt sterlinq məbləğində cərimələnib. Mejbri ittihamları qəbul edib və davranışının yolverilməz olduğunu etiraf edib.