
“Qarabağ”ın ötən yay “transfer pəncərəsi” müddətində əsas hədəflərindən biri olan Sambu Sumanonun vəziyyəti ilə bağlı yeni məlumatlar yayılıb.
Sport1.az Afrika mediasına istinadən xəbər verir ki, hücumçunun çıxış etdiyi “Loryen” 24 yaşlı forvardla mövsümün sonunda başa çatacaq müqaviləni uzatmaq niyyətindədir. Liqa 1 təmsilçisi ilə seneqallı futbolçu arasında artıq prinsipial razılığın formalaşdığı bildirilir.
Xatırladaq ki, “Qarabağ” yay “transfer pəncərəsi”ndə Sumanonu heyətinə qatmağa çox yaxın idi. Ağdam təmsilçisi 2,5+0,5 milyon avroluq rəsmi təklif göndərmiş və futbolçu ilə 3+1 illik şəxsi müqavilə şərtlərini razılaşdırmışdı.
Qeyd edək ki, Sambu Sumano bu mövsüm “Loryen”in heyətində 14 oyunda iştirak edib və 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.