
AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Saatlı üzrə “Məktəbli Kuboku” turnirinə start verilib.
Sport1.az qurumun saytına istinadən xəbər verir ki, açılış mərasimindən sonra ilk oyunlar keçirilib. Yarışda 7-ci sinif oğlanlar, 5-ci sinif oğlan və qızlar olmaqla ümumilikdə 52 məktəbin komandaları iştirak edir.
Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə qalib olan komanda rayonu bölgə yarışlarında – Regional finallarda təmsil edəcək.
Qeyd edək ki, “Məktəbli Kuboku”nun əsas məqsədi məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və uşaqlarda komanda ruhunun formalaşmasına töhfə verməkdir. Layihə çərçivəsində ölkənin bütün bölgələrində məktəblər arasında yarışlar təşkil olunacaq və qaliblər respublika birinciliyində mübarizə aparacaqlar.