
AFFA ilə Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Sabirabadda “Məktəbli Kuboku” turnirinə start verilib.
Sport1.az xəbər verir ki, açılış mərasimindən sonra ilk oyunlar keçirilib. Yarışda 7-ci sinif oğlanlar, həmçinin 5-ci sinif oğlan və qızlardan ibarət ümumilikdə 55 məktəb komandası mübarizəyə başlayıb.
Daxili birincilik başa çatdıqdan sonra hər üç qrup üzrə çempion komandalar Sabirabadı bölgə yarışlarında – Regional finallarda təmsil edəcəklər.
Qeyd edək ki, “Məktəbli Kuboku”nun təşkilində əsas məqsəd məktəblilər arasında futbolun kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və uşaqlarda komanda ruhunun formalaşmasına dəstək olmaqdır. Layihə çərçivəsində ölkənin bütün bölgələrində turnirlər keçiriləcək və qaliblər respublika birinciliyində qüvvələrini sınayacaqlar.