
"Qalatasaray"ın əfsanəvi futbolçusu Hasan Şaş Azərbaycan II Liqası təmsilçisi "Xankəndi" klubu ilə əməkdaşlıq etməyə hazırlaşır.
Sport1.az xəbər verir ki, bölgə klubu türkiyəli iş adamları ilə sponsorluq üçün prinsipial razılıq əldə edib.
49 yaşlı veteran futbolçu gələn həftə qərb təmsilçisinin oyununu izləyəcək. Layihənin əsas məqsədi cari "futbol ili"ndə II Liqada çempionluq qazanmaq və gələn mövsümdə I Liqada iddialı komanda formalaşdırmaqdır. Hasan Şaşın Azərbaycana səfəri klub rəhbərliyi ilə görüş və sponsorluq müqaviləsinin rəsmi imzalanması üçün nəzərdə tutulub.
Yeni sponsorlar "Xankəndi"nin baş məşqçisi İbrahim Uzunca ilə yollarına davam edəcəklər.
Bildirilir ki, türkiyəli iş adamları klubun gələcək planlarını da dəstəkləyir və birinci liqaya qalxdıqda heyətə əcnəbi futbolçular cəlb etməyi, daha güclü komanda formalaşdırmağı hədəfləyirlər.