
Bu gün Gəncədə yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna start verilib.
Sport1.az xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin ilk günündə 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib.
Azərbaycan cüdoçuları günü 1 qızıl, 4 gümüş və 8 bürünc olmaqla ümumilikdə 13 medalla başa vurublar.
Rza Xəlilli (-55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Fatimə Fərmanzadə (-48 kq), Fərid Rzazadə (-50 kq), İbrahim Talıbov (-55 kq) və İlkin Qarayev (-66 kq) yarışı gümüş medalla tamamlayıblar. Sunay Salamova (-40 kq), Fatimə Abdullayeva (-44 kq), Könül Eyvazlı (-52 kq), Zəhra Mövləmverdiyeva və Nərmin Ağamirzəzadə (hər ikisi -52 kq), Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Sənan Piriyev (-66 kq) isə bürünc mükafata yiyələniblər.
Qeyd edək ki, yarışa sabah daha 8 çəki dərəcəsində keçiriləcək görüşlərlə yekun vurulacaq.