
“Aston Villa”nın baş məşqçisi Unai Emeri Avropa Liqasında tarixi göstəriciyə imza atıb.
Sport1.az xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, ispan mütəxəssis turnirdə 100-cü oyununa çıxıb və bu həddə çatan ilk çalışdırıcı olub.
Emerinin yubiley matçı Avropa Liqasının əsas mərhələsinin 7-ci turunda baş tutub. Yanvarın 22-də İstanbulda keçirilən “Fənərbağça” – “Aston Villa” görüşündə qonaqlar 1:0 hesabı ilə qalib gəlib və 1/8 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, 54 yaşlı mütəxəssis Avropa Liqasını 4 dəfə qazanıb: 3 dəfə “Sevilya” (2013/2014, 2014/2015, 2015/2016), 1 dəfə isə “Vilyarreal”la (2020/2021). Emerinin rəhbərlik etdiyi “Arsenal” 2018/2019 mövsümünün finalında “Çelsi”yə 1:4 hesabı ilə uduzub.