
Misli Premyer Liqasının XIV turunda "Şamaxı" səfərdə "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub etdi.
Qarşılaşmadan sonra "şirlər"in yarımmüdafiəçisi Dioqo Balau Sport1.az-a müsahibə verdi...
- Görüş haqda düşüncələrin nələrdir?
- Çətin ot örtüyündə oynasaq da, yaxşı matç keçdi. Qələbəyə layiq oynadıq və qalib gəldik.
- Qolun çox möhtəşəm idi. Səncə yenə də ayın ən yaxşı qolu seçilər?
- Ümid edirəm ki, olar. İkinci dəfə bunu bacarsam, çox sevinərəm.
- İndividual hədəflərini eşitmək istəyərdik...
- Avropa futbolunda bacara biləcəyim ən yüksək səviyyəyə qalxmaq. "Şamaxı"da müqaviləmin bitməsinə bir il qalıb. Daha sonra Avropanın top liqalarında çıxış etməyi hədəfləyirəm.
- Komandada qalaraq, burada uğurlar qazanmağı düşünürsən?
- Əgər son oyunda qalib gəlsə idik, bu matçla birgə 6 xal toplayacaqdıq. Hətta o vəziyyətdə biz avrokuboklara aparan yerləri düşünə bilərdik. Təəsüf ki, son dəqiqələrdə qapımızda gördüyümüz qollarla matçı uduzduq. Mövsümün sonuna hələ çox var. Növbəti turlarda oyunlara yaxşı köklənib hədəflərimizə çatarıq. Lakin mənim bu komandaya inamım böyükdür. Şübhəsiz ki, belə bir məşqçi və heyətlə yüksəklərə qalxacaq.
MİKAYIL HACIYEV