
II Liqa təmsilçisi “Xankəndi”nin Hasan Şaşla sponsorluq əməkdaşlığına başlayacağını diqqətinizə çatdırmışdıq.
Məlumatı dəqiqləşdirmək üçün klubun meneceri Rəşad Babayevlə əlaqə saxladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:
“Bu xəbəri biz də görmüşük. Klub daxilində bu məsələ müzakirə olunmayıb. Baş məşqçimiz İbrahim Uzunca Türkiyədə tanınmış futbol adamıdır və geniş çevrəsi var. Hasan Şaş da İbrahim bəy kimi adanalıdır və onların şəxsi tanışlığı mövcuddur. Ola bilər ki, bu səbəbdən müəyyən söz-söhbətlər yayılıb. Amma ortalıqda rəsmi nəsə yoxdur”.
Rəşad Babayev sponsorluq məsələsi ilə bağlı da danışdı:
“Hazırda ölkənin bir sıra böyük şirkətləri ilə forma sponsorluğu və tərəfdaşlıq barədə danışıqlar aparırıq. Proses davam edir, hələ yekun qərar yoxdur. Detallar müzakirə olunur və böyük ehtimalla “Xankəndi”nin forma sponsoru müəyyənləşəcək. Qərar rəsmiləşdikdən sonra ictimaiyyətə açıqlanacaq”.
ZƏFƏR HACILI