SON DƏQİQƏ
“Bu mövsüm Azərbaycanın açıq-aşkar ən güclü komandası biz idik”
Bizon Azərbaycan Kubokunun finalında qazanılan qələbədən sonra “Sabah”ın müdafiəçisi Timoteuş Puxaç sport1.az açıqlamasında bu sözləri dedi.
Futbolçu əvvəlcə qarşılaşma ilə bağlı təəssüratlarını bölüşdü:
“Rəqib tam müdafiəyə çəkilmişdi. Şanslı qolla hesab açdılar və düşünürdülər ki, kuboku bu cür qazana bilərlər. Amma bu, mümkün deyil. Biz daha yaxşı komandayıq. Bu mövsüm Azərbaycanın açıq-aşkar ən güclü komandası biz idik. İki titul qazandıq və bununla fəxr edirik. Buna layiq idik və çox xoşbəxtik.”
O, “Sabah”dakı çıxışı və qazanılan “qızıl dubl” barədə danışdı:
“Açığı, karyeramın çətin dönəmindən sonra bura gəlmişdim və heç nə gözləmirdim. Sadəcə yenidən ritmimi tapmaq, oynamaq və özümü göstərmək istəyirdim. Amma sonra inanılmaz futbol oynamağa başladıq. Çox yaxşı məşqçi heyətimiz, baş məşqçimiz və futbolçularımız var. Həqiqətən dəli kimi oynayırdıq. Mən bunu gözləmirdim, buna görə də indi ikiqat xoşbəxtəm.”
Puxaç sonda Çempionlar Liqasındakı potensial rəqiblər və hədəfləri barədə fikirlərini qeyd etdi:
“Bəli, mümkün rəqiblər arasında 10-12 komandanın olduğunu gördüm. Aralarında daha güclü və nisbətən zəifləri də var. Amma düşünürəm ki, ilk mərhələni keçə bilərik. Buna fokuslanacağıq, yaxşı hazırlaşacağıq və ümid edirəm ki, növbəti mərhələyə yüksələcəyik. Ondan sonrasına isə baxacağıq.”
MƏHƏMMƏD HÜSEYNOV