
“Difai” sosial məsuliyyət layihəsi çərçivəsində növbəti təşəbbüsünü reallaşdırıb.
Sport1.az xəbər verir ki, I Liqa təmsilçisi Hədəf Liseyi ilə əməkdaşlıq çərçivəsində “Uşaq və gənclərin hüquq və maraqlarının müdafiəsi” mövzusunda seminar-təlim təşkil edib.
Təlim proqramında uşaqlara yalnız hüquqları deyil, həm də öhdəlikləri barədə məlumat verilib. Bildirilib ki, yaşından, cinsindən, fiziki məhdudiyyətindən, mədəniyyətindən, dilindən, irqi mənşəyindən və dini inancından asılı olmayaraq bütün uşaqların hüquqları bərabər şəkildə qorunmalıdır.
Seminarda həmçinin uşaq zorakılığına yol verən şəxslərə qarşı intizam tədbirlərinin görülməsi mexanizmləri, yetkinlik yaşına çatmamış idmançıların etik davranış qaydaları, alkoqol və narkotik vasitələrin zərərləri barədə maarifləndirici məlumatlar təqdim olunub. Şagirdlərin sualları cavablandırılıb.
Tədbirin sonunda “Difai”nin üzvləri ilə Hədəf Liseyinin şagirdləri arasında futbol oyunu keçirilib.






