
Mərakeş millisinin və Madrid “Real”ının vingeri Braim Dias Afrika Millətlər Kubokunun finalından sonra azarkeşlərdən üzr istəyib.
Sport1.az xəbər verir ki, seneqallılara qarşı əlavə vaxtda 0:1 hesabı ilə uduzduqları görüşün 90+24-cü dəqiqəsində penaltini “panenka” ilə qaçıran futbolçu məsuliyyəti üzərinə götürdüyünü bildirib. Dias X sosial şəbəkəsində paylaşdığı açıqlamada bunları yazıb:
“Ürəyim ağrıyır. Bu titulun xəyalını sizin sevginiz, hər mesajınız, məni tək olmadığımı hiss etdirən dəstəyiniz sayəsində qurmuşdum. Mən bütün gücümlə, ilk növbədə bütün qəlbimlə mübarizə apardım. Dünən uğursuz oldum və bütün məsuliyyəti üzərimə götürür, ürəkdən üzr istəyirəm.
Özümə gəlmək çətin olacaq, çünki bu yara asanlıqla sağalmayacaq, amma çalışacağam. Özüm üçün yox, mənə inanan hər kəs üçün və mənimlə birlikdə əziyyət çəkən hər kəs üçün. Bir gün bu sevgiyə cavab verə bilənə və Mərakeş xalqı üçün qürur mənbəyinə çevrilənə qədər irəli getməyə davam edəcəyəm”.