SON DƏQİQƏ
O gün qarşıma bir xəbər çıxdı. Mahiyyəti belə idi: Rəşad Sadıqov da şahmat oynaya bilir. Filan saytda, filan növdə filan qədər reytinqi var. Əhsən!
İnsanın başqa bacarıqlarının olması, müxtəlif sahələrə maraq göstərməsi sevindiricidir. Amma ən vacib məqam öz işində istədiyin səviyyədə olmaqdır.
Məsələn, Valdas Dambrauskas kimi. Yaxşı məşqçidir. Həm də intellektualdır. Yarışlarda iştirak edir. Şahmat oynayır. Amma ikinci və üçüncü məqamlar mənə o qədər də maraqlı deyil.
Əsas olan budur: Valdas Dambrauskas yaxşı məşqçidir. İşinin peşəkarıdır. Azərbaycana gəldiyi bir il ərzində “Sabah”ı çempion etdi. Heç kimin gözləmədiyi halda “bayquşlar”ı Çempionlar Liqasının əsas mərhələsinə yüksəltdi.
Bundan artıq məlumata gərək var? Elə bu məqamlar sübut edir ki, Valdas Dambrauskas yaxşı məşqçidir.
Qayıdaq Rəşad Sadıqova. Altı ildir “Zirə”də çalışır. Bu müddətdə çox şey dəyişib. Çox dərinə getmirəm. 2020-ci ildə doğulan körpə indi məktəbə gedir. Rəşad Sadıqovun məşqçiliyi və komandası isə Biləcəridən o tərəfə gedə bilmir.
Altı il ərzində “Zirə” üçün ən böyük uğur Premyer Liqada və Azərbaycan Kubokunda ikinci olmaqdır. Avrokuboklardan heç danışmayaq!
“Payde” kimi I Liqa səviyyəsində olan rəqibə uduzan komanda haqqında nə demək olar ki? Çox maraqlıdırsa, nəzərinizə çatdırım. Bu altı il ərzində Rəşad Sadıqovun “Zirə”sinin avrokuboklardakı ən yaxşı nəticəsi Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanmaq olub. Orada da Valdas Dambrauskasın “Omoniya”sı Bakı klubunu 6:0 hesabı ilə darmadağın edərək “buralar sizlik deyil” deyib, yola salmışdı.
Həmin vaxt Rəşad Sadıqovun litvalıya bu hesabla uduzması başa düşülən idi. “Omoniya”nın avrokubok təcrübəsi, büdcəsi, azarkeş dəstəyi “Zirə” ilə müqayisə edilməz idi. Amma indi...
Dünən Premyer Liqanın 4-cü turunda “Sabah” “Zirə”yə futbol dərsi keçdi. 5:0. Vallah, adam hesaba baxanda əsəb keçirir. Danışmağa da söz qalmır.
Heç vaxt futbol oynamayan litvalı ağlı, biliyi və məşqçilik bacarığı sayəsində Azərbaycana gəlir. Bir il ərzində çempion olur, komandasını Çempionlar Liqasının əsas mərhələsinə aparır. İllərdir ölkə futbolunun ən yaxşı futbolçularından biri olmuş Rəşad Sadıqov isə altı il ərzində bir kubok qazana bilmir. Niyə?
Çünki təfəkkür o deyil. Altı il ərzində həmişə problem hakimlərdə oldu, büdcə çatmadı. Hər dəfə mövsümün sonunda zədililərin çoxluğu heyət çatışmazlığına səbəb oldu. Amma heç vaxt günahkar Rəşad Sadıqov olmadı.
Valdas Dambrauskas göstərdi ki, yaxşı məşqçi olmaq üçün bir il də kifayətdir. Rəşad Sadıqov isə hələ də nəsə bəhanə axtarır. Ya da hansısa saytda şahmat oynayır. Amma xəbəri yoxdur ki, litvalı Dambrauskas onu ən sevdiyi idmanda da mat edib.