AŞF-də dünya çempionu ilə görüş keçirilib

Bölmə adı Şahmat
Yayımlandı 1-08-2026, 21:30

Azərbaycan Şahmat Federasiyasında 14 yaşadək qızlar arasında dünya çempionu Zəhra Allahverdiylə görüş keçirilib.

Sport1.az xəbər verir ki, İtaliyada karyerasının ən böyük uğuruna imza atan şahmatçını təbrik edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Zəhranın əzmkar mübarizəsini yüksək qiymətləndirib.

AŞF rəhbəri bundan sonra da Zəhra Allahverdinin şahmatçı kimi inkişafı üçün lazımi köməkliyin göstəriləcəyini bildirib. 

Sonda AŞF rəhbəri Mahir Məmmədov müasir dövrdə şahmatı texnologiyasız təsəvvür etmək mümkün olmadığını söyləyərək növbəti yarışlara daha yaxşı hazırlaşmaq üçün dünya çempionuna son model kompüter hədiyyə edib. 

Görüşdə AŞF-nin vitse-prezidenti Faiq Həsənov, baş katib İlahə Qədimova, şahmatçının məşqçisi Hafiz Kərimov, məşqçi Fərid Abbasov eləcə də şahmatçının valideynləri iştirak edib. 

Qeyd edək ki, iyunda İtaliyanın Montesilvano şəhərində 14 yaşadək qızlar arasında yarışda Zəhra Allahverdi 9 xalla dünya çempionatının qalibi olub.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR