SON DƏQİQƏ
Mövsüm bitən kimi transfer çalışmalarını sürətləndirən “Qarabağ” növbəti legioner hədəfini də müəyyənləşdirib.
Sport1.az-ın Kipr mediasına istinadən yaydığı məlumata görə, Ağdam təmsilçisi “Srvena Zvezda”nın hücumçusu Şavi Babika ilə maraqlanır.
Qabon millisinin 25 yaşlı üzvünün yayda Serbiya klubundan ayrılması gözlənilir. Hazırda icarə əsasında Türkiyənin “Fatih Karagümrük” komandasında çıxış edən forvardın yeni mövsümdə də “Srvena Zvezda”da qalmaq ehtimalı az görünür. Klub rəhbərliyi futbolçunu heyətdə saxlamaqda maraqlı deyil.
Serbiya çempionu Babikanın transferindən yüksək məbləğ tələb etməyə hazırlaşmasa da, onun uğrunda rəqabət kifayət qədər ciddidir. Belə ki, Kipr təmsilçisi “Omoniya” və Yunanıstanın AEK klubu da oyunçunu diqqətdə saxlayır. Futbolçunun “Srvena Zvezda” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl “Omoniya”dan Jali Muaddibi və “Yurqorden”dən Zakaria Savonu heyətinə qatıb.