
“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında növbəti tarixi göstəriciyə imza atıb.
Sport1.az xəbər verir ki, norveçli forvard 17-ci tur çərçivəsində “Vest Hem”lə keçirilən oyunda vurduğu qollarla çempionatdakı ümumi qol sayına görə Kriştianu Ronaldonu geridə qoyub və Didye Droqba ilə eyni göstəriciyə çatıb.
Haaland sözügedən qarşılaşmada 6-cı və 69-cu dəqiqələrdə fərqlənib. Bununla da onun Premyer Liqadakı qol sayı 104-ə yüksəlib. Eyni göstərici Droqbanın da aktivində var. Kriştianu Ronaldonun isə İngiltərə çempionatındakı qol sayı 103 olaraq qalıb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, Haaland bu nəticəyə Droqbadan 140 oyun az keçirərək nail olub.
Qeyd edək ki, 25 yaşlı hücumçu cari mövsümdə Premyer Liqada 16 matçda 19 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.