
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sport1.az xəbər verir ki, bu ada “Brentford”un hücumçusu İqor Tyaqo layiq görülüb. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu noyabr ayında çempionatda 4 oyunda meydana çıxıb və 5 qol vurub. “Brentford” bu görüşlərdə “Kristal Pelas”a (0:2) və “Brayton”a (1:2) uduzub, “Nyukasl” (3:1) və “Börnli” (3:1) üzərində isə qələbə qazanıb. Qələbə ilə başa çatan hər iki matçda Tyaqo dubl edib.
Qeyd edək ki, noyabr ayı üzrə mükafata namizədlər sırasında Harvi Barns (“Nyukasl”), Kirnan Dyusberi-Holl (“Everton”), Jeremi Doku (“Mançester Siti”), Bruno Fernandeş (“Mançester Yunayted”), Morqan Qibbs-Uayt (“Nottingem Forest”), Ris Ceyms (“Çelsi”) və Deklan Rays (“Arsenal”) da yer alıb.
Hazırda “Brentford” Premyer Liqanın turnir cədvəlində 15 oyundan sonra 19 xalla 14-cü pillədə qərarlaşıb.