
“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “İnter”lə oyunda Məhəmməd Salahın heyətdən kənarda qalmasının səbəbini açıqlayıb.
Sport1.az xəbər verir ki, niderlandlı mütəxəssis bu qərarın klub daxilində verildiyini bildirib. Slotun sözlərinə görə, yekun seçim məhz ona məxsus olub:
“Bu, klub olaraq verdiyimiz qərar idi və mən də prosesdə iştirak etdim. Rəhbərliklə daim əlaqədəyəm, lakin heyət və oyun üçün siyahı ilə bağlı son söz hər zaman mənə aiddir. Bu, Riçard Hyuzla (idman direktoru – red.) danışmadığım anlamına gəlmir. Sadəcə, futbolçunun oynayıb-oynamaması ilə bağlı yekun qərarı mən verirəm və bu, həmişə belə olub”.
Qeyd edək ki, daha əvvəl Məhəmməd Salah oyun vaxtının azaldılması ilə bağlı “Liverpul”u tənqid etmişdi. Bundan sonra misirli hücumçu Çempionlar Liqasında “İnter”lə matç üçün sifariş ərizəsinə daxil edilməyib.