SON DƏQİQƏ
Belçika milli futbol komandası DÇ-2026-nın dörddəbir finalında İspaniya ilə oyun öncəsi məşq meydançasından narazı qalıb.
Sport1.az xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyası bununla bağlı FIFA-ya şikayət edib.
Komanda Los-Ancelesdəki Loyola Merimaunt Universitetində hazırlığa başlamalı idi. Lakin meydançanın örtüyü məşq üçün tələb olunan minimum standartlara cavab verməyib.
Bundan sonra Belçika tərəfi FIFA-ya müraciət edərək məşq yerinin dəyişdirilməsini istəyib. Təşkilat bu tələbi qəbul edib.
Nəticədə Belçika millisinin hazırlığı Karson şəhərindəki “Los-Anceles Qalaksi”nin məşq bazasına köçürülüb.
Bu hadisə İspaniya ilə vacib oyun öncəsi komandanın hazırlıq planına təsir edib. Belçikalılar dörddəbir finala ABŞ üzərində 4:1 hesablı qələbədən sonra yüksəliblər.
Qeyd edək ki, İspaniya - Belçika matçı 10 iyulda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.