Misli Premyer Liqasının debütantlarından olan “İmişli” bu mövsüm ümumi oyun baxımından pis təsir bağışlamır.
Komanda həm hücumda aktiv, həm də müdafiədə nizamlı çıxışı ilə diqqət çəkir. Lakin bir detal var ki, bu, komandanın qazandığı xallara birbaşa təsir edir – standart vəziyyətlər...
“İmişli” bu komponentdə hələ tam formalaşmayıb. Komanda cari mövsüm iki dəfə 11 metrlik cərimə zərbəsi qazanıb. Lakin hər iki fürsəti dəyərləndirə bilməyib.
7-ci turda “Araz-Naxçıvan”la səfər matçında isə Dioqu Almeyda hesab 0:1 olarkən topu qapının üzərindən göndərdi. 3 gün öncə “Azersun Arena”da “Qarabağ”la oyunda hesab 0:0 olarkən Juninyo penalti zərbəsini yerinə yetirdi, lakin Ağdam klubunun qapıçısı Mateus Koxalski əla qurtarışla yadda qaldı.
Hər iki epizod nəticəyə birbaşa təsir etdi: birində xal qazanmaq şansı, digərində isə erkən üstünlük fürsəti əldən çıxdı.
“İmişli”nin oyun planına baxanda komandanın hücum qurmaqda və müdafiə düzülüşünü saxlamaqda problem yaşamadığı görünür. Amma standart vəziyyətlər — cərimə zərbələri, künc zərbələri, penaltilər komandanın “yaralı yeri”nə çevrilib. Bu, yalnız fərdi ustalıq yox, həm də məşq prosesində belə epizodlara diqqətin az olmasından xəbər verir.
Baş məşqçi Jorj Kaşkilya taktiki baxımdan komandanı sabitləşdirib, amma artıq “İmişli”nin növbəti addımı bu olmalıdır: standart vəziyyətləri xala çevirə bilmək. Əks halda, bu cür məqamlar xalların itirilməsinə, nəticədə turnir cədvəlində geriləməyə səbəb olacaq.
Hazırkı mərhələdə “İmişli”nin əsas problemi oyun keyfiyyəti deyil, detallardakı diqqətsizlikdir. Və bu detalları düzəltmədən Premyer Liqada qalıcı uğurdan danışmaq çətindir.
ZƏFƏR HACILI